Logo

"Şəhər böyüklüyündə iztirab" - BDU tələbəsi yazır

31.05.2023 23:20 919 baxış
IMG

Əslində oxuduğum kitab və zamansız əsərlər müəllifi Dostoyevski barəsində çox sözlər demək istəyirəm. Amma gücüm yetdiyi qədər.

Ümumiyyətlə, həyatın gerçəkliklərindən irəli gələn fikirlər çoxdur. Bu mənada demək istədiyim çox məqamlar var. 

Əsərdə baş qəhrəmanın yalnızlığı oxucu qəlbini yarpaq kimi titrədir və daxildə belə bir səs eşidilir: "Yazıq insan oğlu". Əslində, müəyyən mənada hər birimiz yalnızıq. 

Bu dörd gecə içində çox hadisələr yaşandı. Gah sevinc, gah kədər dolu. Fəqət, kədər, daha çox üstələdi sevinc hissini. Bəlkə də ən böyük xoşbəxtlik elə kədərin özüdür? Çünki, insanoğlu kədərliykən hissləri daha gerçək, daha qabarıq olur. Həyatın əsl üzüylə elə bu anda üzləşir. 

Əvvəldə dediyimiz kimi, bu dünyada hər birimiz yalnızıq. Ətrafımızdakı, cəmiyyətdəki insanlar sadəcə vasitəçi rolunu oynayır. Yastığa baş qoyanda, dənizin sahilində tək-tənha qalanda, ağlayanda, yaşının üstünə yaş gələndə, tortun üzərindəki şamı üfürəndə... Yenə də təksən. 

Digərləri həyatında müvəqqətidir. Necə ki bizlər də onların həyatında müvəqqətiyik. Və günlərin biri hər kəs fani dünyadan gedəcək. Amma düşüncələrin qalacaq: həm bu dünyada, həm də o dünyada. Səni yalnız buraxmayacaq. Məzara girərkən belə onları özünlə aparacaqsan. Cəlaləddin Rumi də insan oğluna xitabən "sən bir düşüncədən ibarətsən" deyirdi. Ondan geriyə qalanları isə sümük və tükdən ibarət bilirdi. 

Əlimdəki kitabı oxuduqca, qəhrəmanın tənhalığını düşündükcə, yalnızlığa məhkumluğunu bildikcə daxilimdə belə bir sual formalaşır: "Görəsən, o, bu hiss ilə yaşamaqdan, belə bir həyatdan məmnundur?

Əsərdə qəhrəmanın həyatına biri daxil olur. Çox keçmir ki, tanışlıq doğmalığa çevrilir. Axı ikisi də yalnız insanlar idi. Sanki, bir-birlərində özlərini tapmışdılar. Ya da sadəcə özlərini aldadırdılar. Bir xətt üzrə və sevgi paradiqması çərçivəsində inkişaf edən doğmalıq sonuncu fəsildə ögeyliyə çevrilir. 

Həqiqətən də Nastenka əvvəlki sevgisini unutmaq üçün qarşısındakının hisslərindən istifadə edirdi. Bəlkə də özü də nə etdiyini bilmirdi? Bəlkə də o an kədərindən, hirsindən onu unutduğunu, artıq sevmədiyini dilə gətirirdi?! Axı, sevdiyi onu aldatmışdı. Verdiyi sözə əməl etməmişdi. Onu yarı yolda qoymağı seçmişdi. Bəlkə də bunlar sadəcə bəhanə idi. Ondan soyumaq üçün uydurulan bəhanələr...

Amma günlərin birində o gəldi. Nastenkanın önündə dayandı. Artıq qızın özünü aldatma şansı yox idi. Çünki, gerçəklərlə üzləşmə zamanı gəlib çatmışdı. Belə də oldu. Nastenka onu vaxtilə aldadanı seçdi: ona mənəvi dəstək olan "doğma"sını düşünmədən. Verilən sözlər, verilən vədlər o an yaddan çıxdı. İnsan oğlunun "insanlığı" bura qədərmiş...

Dostoyevskinin "Bəyaz Gecələr"ini oxuyanda əsərin qəhrəmanı ilə eyni duyğuları yaşadığımı hiss etdim. Və fikirlərimi vərəqə tökdüm.

Müjgan Əhmədova, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti